Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatına görə, dünyada tütün istehlakı son illərdə əhəmiyyətli dərəcədə azalıb.
NUHÇIXAN xəbər verir ki, təşkilatın məlumatına əsasən, on il əvvəl siqaret çəkənlərin payı 23 faiz idisə, hazırda bu göstərici 19 faizə enib. ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, bir çox ölkələrin tütünə qarşı mübarizə səyləri milyonlarla insanın siqareti tərgitməsinə və ya ümumiyyətlə başlamamasına səbəb olub. Ən böyük irəliləyiş Cənub-Şərqi Asiyada müşahidə edilir. Bu regionda siqaret çəkən kişilərin payı 2000-ci ildən bəri iki dəfə azalıb. Avropada isə azalma nisbətən zəifdir, xüsusilə qadınlar arasında siqaret çəkənlərin sayı hələ də yüksək olaraq qalır. Hazırda Avropada qadınların 17,4 faizi siqaret çəkir və bu, dünya üzrə ən yüksək göstərici sayılır.
ÜST, həmçinin elektron siqaretlərin artan populyarlığından narahatdır. Hazırda dünyada 100 milyondan çox insan e-siqaret istifadə edir. Bu məhsullar xüsusilə gənclər arasında geniş yayılıb. Mütəxəssislər xəbərdarlıq edirlər ki, elektron siqaretlər nikotin asılılığının yeni dalğasına səbəb ola bilər. ÜST hökumətləri tütünlə mübarizəni gücləndirməyə, vergiləri artırmağa və siqareti tərgitmə proqramlarını genişləndirməyə çağırıb.