Litvada keçirilən “Viçio skleutas” səfərbərlik təlimləri çərçivəsində Vilnüs sakinləri təxliyə olunacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə Litvanın Böhranların İdarəolunması Mərkəzinin direktoru Vilmantas Vitkauskas məlumat yayıb. Onun sözlərinə görə, günortaya yaxın ölkə üzrə xəbərdarlıq siqnalları veriləcək, mobil telefonlar vasitəsilə fövqəladə vəziyyət barədə xəbərdarlıq və tövsiyələri əhatə edən mesajlar göndəriləcək. Həmin məlumatlar, həmçinin radio və televiziya vasitəsilə də yayımlanacaq.
Təxliyə mexanizmini yoxlamaq məqsədilə könüllülərdən ibarət qruplar formalaşdırılıb, xüsusi təxliyə məntəqələri yaradılıb. Vilnüsün dörd inzibati ərazisindən təxliyə olunan şəxslər Kaunas, Kedaynyay, Kelme, Şyaulyay və Ukmerqe şəhərlərinə daşınacaq. Həmin məntəqələrdə ərzaq təminatı təşkil olunacaq, eləcə də imitasiya olunmuş tibbi müayinə həyata keçiriləcək.
Təlimlər təhsil müəssisələrini də əhatə edəcək. Məktəblilər və uşaq bağçalarının tərbiyəçiləri digər binalara köçürüləcək.
Oktyabrın 11-dək davam edəcək təlimlərin əsas məqsədi səfərbərlik sisteminin hazırkı vəziyyətini qiymətləndirmək və dövlət qurumlarının dəyişkən şəraitdə operativ fəaliyyətə hazırlıq səviyyəsini yoxlamaqdır.