Bu ilin birinci yarısında Almaniyanın ümumi dövlət büdcəsində 58,5 milyard avroluq maliyyə kəsiri qeydə alınıb. Büdcə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 992,7 milyard avro, xərcləri isə 6 faiz artaraq 1 trilyon 51,2 milyard avro təşkil edib. Bununla da Almaniyanın ümumi büdcə xərcləri tarixdə ilk dəfə bir trilyon avrodan çox olub.
NUHÇIXAN xəbr verir ki, bu barədə Federal Statistika İdarəsinin (Destatis) məlumatında qeyd olunub.
Məlumata əsasən, ilin ilk yarısında federasiya, əyalətlər, bələdiyyələr və sosial sığorta fondları daxil olmaqla, dövlət idarəetməsinin bütün səviyyələrində büdcə kəsiri qeydə alınıb. Ən böyük kəsir federal büdcənin payına düşüb. Büdcə kəsiri 2024-cü ilin eyni dövründəki 35,5 milyard avrodan 30 milyard avroya qədər azalıb.
Əyalətlərin büdcə kəsiri də azalıb və ötən ilin ilk yarısındakı 7,1 milyard avro ilə müqayisədə 2025-ci ildə 2,4 milyard avro təşkil edib. Bunun əksinə, bələdiyyə və bələdiyyə birliklərinin kəsiri artaraq 19,7 milyard avroya çatıb. Sosial sığorta sistemində isə 6,4 milyard avroluq kəsir qeydə alınıb.
Vergi və vergi tipli gəlirlər bu ilin ilk yarısında 8,2 faiz artaraq 854,8 milyard avro olub. Bu artım əsasən federasiya və əyalətlərin gəlirlərindəki artımla bağlıdır. Sosial sığorta haqları isə 9,1 faiz artaraq 374 milyard avroya çatıb.