Gürcüstan Xarici İşlər Nazirliyində (XİN) oktyabrın 4-də Tbilisidə baş verən hadisələrlə bağlı xarici ölkələrin səfirləri ilə görüş keçirilir.
NUHÇIXAN xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, görüş Gürcüstan xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvilinin sədrliyi ilə keçirilir. Görüş qapalı formatda davam edir.
Görüşdə Almaniyanın Gürcüstandakı səfiri və səfirliyin heç bir nümayəndəsi iştirak etmir.
Xatırladaq ki, Gürcüstanda yerli seçkilərin keçirildiyi gün – oktyabrın 4-də radikal müxalifət nümayəndələri və onların tərəfdarları prezident sarayının həyətinə daxil olmağa cəhd göstəriblər. Onlar baryerləri aşaraq əraziyə daxil olsalar da, polis əməkdaşları tərəfindən həyəti tərk etməyə məcbur ediliblər. Hadisə zamanı Daxili İşlər Nazirliyi (DİN) bir neçə şəxsi saxlayıb. Nazirliyin məlumatına əsasən, istintaqın ilkin mərhələsində 15 nəfər müəyyən edilib, onlardan 13-ü məhkəmə qərarı ilə həbs olunub.