İsrail ordusu açıq dənizdə Qəzza sektoru istiqamətində hərəkət edən daha bir gəmi qrupunu saxlayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Qəzza sektorunu əhatə edən dəniz blokadasını yarmaq cəhdinin qarşısı növbəti dəfə alınıb. Saxlanılan gəmilər İsrail limanlarına gətirilib və onların sərnişinləri yaxın zamanda ölkədən deportasiya ediləcəklər.
“The Times of Israel” qəzetinin yaydığı məlumata görə, saxlanılan qrup “Azadlıq donanması koalisiyasına” məxsus doqquz gəmidən və Qəzza blokadasını yarmaq istəyən təxminən 100 fəaldan ibarət olub. Fəalların sözlərinə görə, gəmilərdə Qəzza sakinləri üçün ümumi dəyəri 110 min dollardan çox humanitar yardım daşınırmış.
Xatırladaq ki, ötən həftə İsrail Hərbi Dəniz Qüvvələri “Sumud” donanması adı altında hərəkət edən və blokadanı yarmağa çalışan 40-dan çox gəmini və aralarında isveçli insan hüquqları müdafiəçisi Qreta Tunberqin də olduğu təqribən 450 fəalı saxlamışdı. Hazırda onların mərhələli şəkildə ölkədən deportasiyası həyata keçirilir.