Qətər və Türkiyənin diplomatik və xüsusi xidmət orqanlarını təmsil edən yüksək səviyyəli rəsmiləri Qəzza sektorunda atəşkəsə dair bu həftə Misirin Şarm əş-Şeyx şəhərində keçirilən danışıqlara qatılacaqlar.
NUHÇIXAN xəbər verir ki, “Anadolu” agentliyi bu barədə Türkiyənin təhlükəsizlik orqanlarındakı mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, danışıqlara qatılacağı gözlənilən Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının iştirakı bölgədə atəşkəsin əldə olunması, əsirlərin mübadiləsi və Qəzza sektoruna humanitar yardımın fasiləsiz çatdırılmasına yönələcək.
Qətər Xarici İşlər Nazirliyi isə öz növbəsində ölkənin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman Əl Taninin danışıqlarda iştirak etmək üçün çərşənbə günü Şarm əş-Şeyxə yollanacağını bildirib. Qətərin xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari danışıqların “həlledici mərhələyə” qədəm qoyduğunu bildirib.
Xatırladaq ki, bazar ertəsi Şarm əş-Şeyxdə şəhərində Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında dolayı atəşkəs danışıqlarının növbəti raundu başlayıb. Danışıqlar ABŞ Prezidenti Donald Trampın sentyabr ayında İsrailin Baş naziri Binyamin Netanyahu ilə Ağ Evdə keçirdiyi görüşdən sonra təqdim etdiyi 20 maddəlik təklif əsasında aparılır.