ABŞ Prezidenti Donald Tramp administrasiyasının noyabrın 1-dən tətbiq etməyi planlaşdırdığı yeni gömrük rüsumları Meksikaya 15 milyard dollaradək ziyan vura bilər.
NUHÇIXAN xəbər verir ki, Meksikanın iqtisadiyyat nazirinin xarici ticarət üzrə müavini Luis Rosendo Quterres bu barədə “Bloomberg” agentliyinin təşkil etdiyi forumda çıxışı zamanı deyib. “ABŞ-a tədarük edilən ağır yük maşınlarına tətbiq olunacaq rüsumlar 15 milyard dollarlıq ixracı risk altında qoyur”, – deyə Luis Rosendo Quterres bildirib. Onun sözlərinə görə, ABŞ-ın idxal etdiyi ağır yük maşınlarının 70 faizindən çoxu Meksikanındır və bu sektor ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır.
Agentliyin məlumatına görə, Meksika Prezidenti Klaudiya Şeynbaum bu məsələni Donald Trampla müzakirə etməyi planlaşdırır.
Qeyd edək ki, bir müddət öncə Prezident Donald Tramp noyabrın 1-dən etibarən ABŞ-a idxal olunacaq bütün orta və ağır tonnajlı yük avtomobillərinə 25 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb.
Bundan əvvəl isə Birləşmiş Ştatların dövlət başçısı avqustun 1-dən etibarən Meksikadan ABŞ-a idxal olunan məhsullara 30 faizlik əlavə rüsum tətbiq ediləcəyini bildirmişdi. Onun sözlərinə görə, bu addım Meksikanın narko-kartellərin fəaliyyətini və fentanil qaçaqmalçılığını dayandırmaq istiqamətində yetərli tədbirlər görməməsi ilə bağlıdır. Sonradan iki ölkə lideri arasında telefon danışığı nəticəsində ABŞ və Meksika arasında mövcud ticarət razılaşmalarının müddətinin 90 gün uzadılması barədə qərar qəbul olunmuşdu.