Avropa İttifaqı (Aİ) ölkələrində fəaliyyət göstərən müəssisələrin 21,5 faizi İKT sahəsində təhlükəsizlik insidentləri ilə qarşılaşıb. Bu hadisələr İKT xidmətlərinin müvəqqəti əlçatmazlığına, məlumatların məhv edilməsinə və ya korlanmasına, eləcə də məxfi məlumatların açıqlanmasına səbəb olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Avropa İttifaqının Statistika İdarəsinin (Eurostat) 2023-cü ilə aid hesabatında əksini tapıb.
İKT təhlükəsizliyi insidentləri ilə daha çox Finlandiyada fəaliyyət göstərən müəssisələr üzləşib. Bu göstərici 42,2 faiz təşkil edib. Sonrakı yerlərdə Polşa (32,5 faiz) və Malta (28,7 faiz) gəlir. Ən aşağı göstəricilər isə Avstriyada (11,5 faiz), Sloveniyada (11,6 faiz) və Bolqarıstanda (12,1 faiz) müşahidə olunub.
İKT ilə bağlı təhlükəsizlik insidentlərinin ən çox qeydə alındığı fəaliyyət sahələri arasında elektrik, qaz, buxar və havalandırma təminatı (28,8 faiz), informasiya və kommunikasiya (27,9 faiz), peşəkar, elmi və texniki fəaliyyətlər (26,8 faiz), daşınmaz əmlak fəaliyyəti (25 faiz), həmçinin su təchizatı, kanalizasiya, tullantıların idarə edilməsi və bərpa (24,1 faiz) sektorları yer alıb.