Almaniya hakimiyyəti polisə Avropa üzrə hava limanlarının fəaliyyətinə mane olan və bəzi Avropa liderlərinin hibrid müharibə ilə əlaqələndirdiyi pilotsuz uçuş aparatlarını (PUA) vurmaq səlahiyyəti verəcək.
NUHÇIXAN xəbər verir ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənən və parlamentin təsdiqini gözləyən yeni qanun polisə Almaniyanın hava məkanını pozan pilotsuz uçuş aparatlarını birbaşa vurmaq hüququ verir. Bu, həmçinin təcili təhlükə və ya ciddi zərər hallarında da tətbiq edilə bilər.
“Reuters” yazır ki, PUA-larla mübarizənin digər üsullarına lazerlərin tətbiqi və idarəetmə və naviqasiya kanallarının pozulması məqsədilə siqnalların bloklanması daxildir.
“Dronların iştirakı ilə baş verən insidentlər təhlükəsizliyimiz üçün təhdiddir”, – deyə kansler Fridrix Merts X sosial şəbəkə paylaşımında bildirib.
“Biz buna imkan verməyəcəyik. Federal Polisin səlahiyyətlərini genişləndiririk ki, gələcəkdə dronları daha tez aşkar edib onların istifadəsinin qarşısını almaq mümkün olsun”.
Yeni qanun ötən cümə günü Almaniyanın ikinci ən böyük hava limanı olan Münhendə baş verən hadisədən sonra qəbul edilib. Hava limanında PUA-ların aşkarlanması səbəbindən onlarla reys ləğv olunub və ya başqa istiqamətlərə yönləndirilib, nəticədə 10 mindən çox sərnişin çətin vəziyyətdə qalıb.
Merts bildirib ki, onun fikrincə, ötən həftəsonu Almaniya üzərində uçan bir çox pilotsuz aparatların arxasında Rusiya dayanır. O qeyd edib ki, bu dronlardan heç biri silahlanmamışdı və ehtimal ki, kəşfiyyat məqsədi daşıyan uçuşlar həyata keçirirdi.
Avropa İttifaqının liderləri Rusiya–Ukrayna müharibəsindən sonra Rusiyanı qitənin təhlükəsizliyinə ciddi təhdid kimi görməyə başlayıblar.
Yeni qanunun qəbul edilməsi ilə Almaniya digər Avropa ölkələrinə – Böyük Britaniya, Fransa, Litva və Rumıniyaya qoşulmuş olur. Bu ölkələrdə də bu yaxınlarda təhlükəsizlik qüvvələrinə hava məkanlarını pozan pilotsuz uçuş aparatlarını vurmaq səlahiyyəti verilib.