Ərdoğan: Türkiyə Qəzza ilə bağlı razılaşmanın icrasını diqqətlə izləyəcək

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS ilə İsrail arasında Qəzza sektorunda atəşkəsə dair əldə olunmuş razılaşmanı alqışlayaraq, Ankaranın bu razılaşmanın həyata keçirilməsini diqqətlə izləyəcəyini bildirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya Departamenti tərəfindən dərc edilmiş bəyanatda deyilir. “HƏMAS hərəkatı və İsrail arasında Türkiyənin də iştirakı ilə keçirilən danışıqların Qəzzada atəşkəsin əldə olunması ilə nəticələnməsindən böyük məmnunluq duyuram. Atəşkəs razılaşması istiqamətində göstərdiyi siyasi iradəyə görə ABŞ Prezidenti Donald Trampa, eləcə də bu prosesi dəstəkləyən qardaş Qətər və Misirə təşəkkür edirəm. Türkiyə bu razılaşmanın icrasını yaxından izləyəcək”, - deyə bəyanatda vurğulanır.

Türkiyə Prezidenti, həmçinin Fələstin məsələsinin 1967-ci il sərhədləri əsasında müstəqil Fələstin dövlətinin yaradılması yolu ilə həllinə dəstəyini bir daha ifadə edib.

“Şərqi Qüds paytaxt olmaqla, ərazi bütövlüyü təmin edilmiş, suveren və müstəqil Fələstin dövləti yaradılanadək mübarizəmizi davam etdirəcəyik”, – deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp Misirdə aparılan danışıqlar nəticəsində tərəflərin sülh planının birinci mərhələsi üzrə razılığa gəldiyini elan edib. Bu mərhələdə bütün girovların yaxın zamanda azad olunması və İsrail ordusunun Qəzza daxilində razılaşdırılmış xəttə qədər geri çəkilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: