Macarıstan Avropa Komissiyasının 2027-ci ilin yanvarından etibarən Rusiyadan Avropa İttifaqına (Aİ) maye qazın idxalına tam qadağa qoyulmasını nəzərdə tutan 19-cu sanksiyalar paketinə qarşı çıxmayacaq.
NUHÇIXAN xəbər verir ki, “EUObserver” portalı bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata əsasən, Budapeşt əvvəllər özü üçün istisna tələb edərək Rusiyadan qaz idxalını davam etdirmək niyyətində olub. Lakin Aİ ölkələrinin səfirləri səviyyəsində keçirilən görüşdə Macarıstan nümayəndəsi embarqo təklifinə qarşı çıxmayıb.
Nəşrin həmsöhbətinin sözlərinə görə, hazırda 19-cu sanksiyalar paketinin qəbuluna əsas maneə Slovakiya və Avstriyanın mövqeyidir. Lakin Bratislavanın ya Avropa İttifaqının oktyabrın 20-də keçiriləcək Xarici İşlər Nazirləri Şurasına, ya da oktyabrın 23-də təşkil olunacaq sammitinədək kompromisə getmək ehtimalı var. Avstriya isə “Raiffeisen” bankına köçürülməsi planlaşdırılan 2 milyard avroluq dondurulmuş Rusiya aktivlərinin açılması üçün “xüsusi istisna” tələbini davam etdirir. Bu, bütövlükdə 19-cu sanksiyalar paketinin bloklanmasına səbəb ola bilər.
Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri oktyabrın 20-də Rusiyadan karbohidrogen resurslarının tədarükü ilə bağlı tam qadağa məsələsini və Moskvaya qarşı yeni sanksiyalar paketini müzakirə edəcəklər.
Xatırladaq ki, bundan öncə Macarıstan və Slovakiya 2028-ci ildən sonra da Rusiyadan yanacaq idxalını davam etdirmək hüququ almayanadək 19-cu sanksiyalar paketini qəbul etməyəcəklərini bildirmişdilər.