Bu gündən ABŞ-ın Serbiyanın “Naftna Industrija Srbije” (NIS) neft şirkətinə qarşı tətbiq etdiyi sanksiyalar qüvvəyə minib.
NUHÇIXAN xəbər verir ki, NIS-in ABŞ Maliyyə Nazirliyinə fəaliyyətini davam etdirməklə bağlı xüsusi lisenziyanın verilməsi üçün göndərdiyi sorğu cavabsız qalıb və sanksiyaların təxirə salındığı son müddət oktyabrın 8-də başa çatıb.
“NIS-ə maneəsiz əməliyyat fəaliyyətinə imkan verən xüsusi lisenziyanın müddəti ABŞ Maliyyə Nazirliyi tərəfindən uzadılmayıb”, - deyə şirkətin məlumatında bildirilib.
NIS-in departament rəhbəri Boyana Radoyeviç deyib ki, şirkət kifayət qədər neft məhsulları və xam neft tədarükünü təmin edib, təşviş və panikaya əsas yoxdur.
Qeyd edək ki, ABŞ-ın Maliyyə Nazirliyi ilin əvvəlində “Naftna Industrija Srbije” şirkətini sanksiya siyahısına daxil edib. Bu addım Rusiyanın enerji sektoruna tətbiq olunan məhdudiyyətlərin bir hissəsi olaraq atılıb. Ötən müddətdə Serbiyanın Mədənçilik və Energetika Nazirliyi ABŞ tərəfinə şirkətə qarşı sanksiyaların təxirə salınması üçün bir neçə dəfə sorğu göndərib. ABŞ NIS-ə qarşı sanksiyaları ümumilikdə 8 dəfə təxirə salıb.
Qeyd edək ki, Serbiya hökuməti 2008-ci ildə NIS şirkətinin səhmlərinin bir hissəsini Rusiyanın “Gazprom Neft” şirkətinə satıb.