Böyük Britaniya Hindistanla yüngül çoxməqsədli raketlərin tədarükünü nəzərdə tutan 468 milyon dollar dəyərində müqavilə imzalayıb.
NUHÇIXAN “Reuters”ə istinadla xəbər verir ki, müqavilə Böyük Britaniyanın Baş naziri Kir Starmerin Hindistanın Baş naziri Narendra Modi ilə Mumbaydakı görüşü zamanı elan edilib.
Tərəflər bir neçə ay əvvəl imzalanmış ticarət sazişindən doğan kommersiya əlaqələrinin böyük potensialını vurğulayıblar. Britaniya hökumətinin məlumatına görə, Şimali İrlandiyada yerləşən “Thales” şirkəti tərəfindən istehsal edilən bu yüngül çoxməqsədli raketlər Ukraynaya da göndərilir.
“Hindistanla bu saziş iki ölkə arasında daha genişmiqyaslı silah əməkdaşlığı üçün zəmin yaradır”,- deyə hökumət bəyan edib.
Son 12 ayda Kir Starmer ölkənin müdafiə sənayesini iqtisadi artımın əsas mühərriklərindən birinə çevirmək məqsədilə bu sektora dəstəyini artırıb. Böyük Britaniya NATO öhdəliklərinə uyğun şəkildə hərbi xərcləri yüksəltməyi, həmçinin Norveçlə 13,5 milyard dollarlıq hərbi gəmi müqaviləsi kimi ixrac uğurlarına fokuslanmağı planlaşdırır.
Eyni zamanda, Britaniya və Hindistan dəniz donanması üçün elektrik mühərriklərinin istehsalını nəzərdə tutan əməkdaşlığın növbəti mərhələsini də imzalayıblar. Bu layihənin ilkin dəyəri 250 milyon funt sterlinq təşkil edir.