ABŞ Prezidenti Donald Tramp HƏMAS hərəkatı ilə İsrail arasında əldə olunan razılaşma və Qəzza sektorunda hərbi əməliyyatların dayandırılması fonunda oktyabrın 12-də Yaxın Şərqə səfər planlaşdırır.
NUHÇIXAN xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Donald Tramp bu barədə Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, səfərin əsas məqsədi HƏMAS hərəkatı və İsrail arasında əldə olunmuş atəşkəs razılaşması üzrə Misirdə keçiriləcək görüşdə iştirak etməkdir.
ABŞ Prezidenti, həmçinin İsrail parlamentində – Knessetdə çıxış etmək üçün dəvət aldığını və bu təklifi qəbul etdiyini bildirib. İsrailin hakimiyyət orqanları Donald Trampın səfəri ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.
Xatırladaq ki, oktyabrın 9-da HƏMAS hərəkatı ilə İsrail arasında atəşkəs razılaşması əldə olunub.