Fələstinin HƏMAS hərəkatı ilə əldə edilmiş razılaşma çərçivəsində İsrail ordusu (SAXAL) Qəzza sektorunda razılaşdırılmış mövqelərə doğru geri çəkilir.
NUHÇIXAN xəbər verir ki, “The Times of Israel” nəşrinin məlumatına görə, SAXAL gecə saatlarında və bu gün səhər Qəzza sektorunda əvvəlki mövqelərindən geri çəkilərək razılaşdırılmış cəbhə xətlərində yerləşməyə başlayıb.
Razılaşmanın ilk mərhələsində İsrail ordusunun bəzi bölmələri Qəzzadan tamamilə çıxarılacaq, bəzi bölmələr isə razılaşdırılmış mövqelərə yerləşəcək.
Nəşrin məlumatına görə, İsrail qoşunlarının geri çəkilməsi prosesini oktyabrın 10-u günorta saatlarınadək başa çatdırmağı planlaşdırır.
Xatırladaq ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp HƏMAS və İsrail nümayəndələrinin sülh planının ilk hissəsini imzaladıqlarını açıqlayıb. Razılaşma İsrail qoşunlarının Qəzza sektorundan çıxarılmasını və girovların tezliklə azad olunmasını nəzərdə tutur.