Böyük Britaniya ilk dəfə olaraq rəqəmsal nəhənglərin bazar üstünlüyünə qarşı mübarizə aparmaq məqsədilə qəbul etdiyi yeni qanunvericilik çərçivəsində “Google” şirkətinə onlayn axtarış bazarında “strateji bazar statusu” verib.
NUHÇIXAN “Reuters”ə istinadla xəbər verir ki, bu qərar ölkənin Rəqabət və Bazarlar İdarəsinə (CMA) “Alphabet” şirkətinə məxsus “Google”un Böyük Britaniyadakı fəaliyyətinə müdaxilə etmək və onun əməliyyat qaydalarında dəyişiklik tələb etmək imkanı verir.
CMA-nın Rəqəmsal bazarlar üzrə icraçı direktoru Uill Heyter açıqlamasında bildirib ki, “Google” axtarış sektorunda strateji mövqeyə malikdir və Böyük Britaniyada edilən axtarışların 90 faizdən çoxu məhz bu platformada həyata keçirilir.
Qurum qeyd edib ki, bu qərar şirkətin hər hansı qanun pozuntusu etdiyini göstərmir və dərhal qüvvəyə minən tələbləri ehtiva etmir. CMA iyun ayında bəyan etmişdi ki, görüləcək tədbirlər hədəflənmiş və proporsional olacaq, bu da Britaniya texnologiya sektorunda və ümumi iqtisadiyyatda innovasiyaları təşviq etməyə xidmət edəcək. İdarənin təklif etdiyi addımlar arasında axtarış nəticələrinin daha ədalətli sıralanması və istifadəçilərə alternativ axtarış sistemlərinə daha geniş çıxış imkanı verilməsi də yer alır.