Vladimir Putin: Rusiya Ukraynaya “Tomahawk” raketlərinin verilməsinə hava hücumundan müdafiəni gücləndirməklə cavab verəcək
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞ-ın Ukraynaya “Tomahawk” raketlərinin mümkün tədarükü halında, Moskva hava hücumundan müdafiə sistemini gücləndirməklə cavab verəcək.
NUHÇIXAN xəbər verir ki, Düşənbədə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Rusiya lideri vurğulayıb: “Bizim cavabımız Rusiyanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsidir”. Vladimir Putin qeyd edib ki, Moskva ABŞ Prezidenti ilə Ankoricdə əldə olunan razılaşmalar çərçivəsində qalır, həmin vaxt Ukraynadakı vəziyyətin həlli yolları müzakirə edilib.
Onun sözlərinə görə, proses əlavə iş tələb edir, lakin Rusiya mövqeyini dəyişmir və Alyaskada əldə olunmuş razılaşmalar əsasında hərəkət etməyə davam edir.
Rusiya Prezidenti vurğulayıb ki, onun amerikalı həmkarı Donald Tramp “səmimi olaraq Ukraynadakı münaqişənin həllinə çalışır” və bu məsələ ilə bağlı dialoqun davam etdiriləcəyinə ümid edir.