Fransada son dövrlərdəki siyasi dəyişikliklər və hökumət böhranı siyasətçilərin ictimai nüfuzuna ciddi təsir edib. IPSOS BVA sorğu institutu və CESI məktəbi tərəfindən “La Tribune Dimanche” üçün keçirilmiş son sorğuya əsasən, Fransa siyasətində önəmli rol oynamış bir neçə mərkəzçi və sağ spektr nümayəndəsinin populyarlığı kəskin şəkildə azalıb.
NUHÇIXAN xəbər verir ki, sorğunun nəticələrinə əsasən, dörd siyasi fiqur - Brüno Rötayo (20%), Eduard Filip (22%), Qabrial Attal (19%) və Jerald Darmanən (19%) 2024-cü ilin hökumət dağılmasından sonra formalaşan koalisiyanın əsas simaları olublar. Lakin Sebastyan Lökornünün “Matignon”a təyin olunması və daha sonra istefası ilə başlayan siyasi böhran onların ictimai dəstəyinə ciddi zərbə vurub.
Yeni Baş nazir Sebastyan Lökornünün bir ay ərzində reytinqi 11 faiz artıb. Bu sorğu onun Baş nazir postuna yenidən təyin olunmasından əvvəl aparılıb.
Prezident Emmanuel Makron isə hələ də aşağı reytinqdədir – cəmi 19 faiz. Bu, əvvəlki aya nisbətən 2 faiz artım deməkdir.
“Bu, sözün əsl mənasında, biabırçı bir enişdir. Onlar fransızlara yalnız şəxsi mübahisələr içində olan, prezidentlik uğrunda xaos yaradan siyasətçilər kimi göründülər”, - deyə IPSOS-un baş direktorunun müavini Bris Təntüryü vəziyyəti şərh edib.
Fransızların "prezident kimi görmək istədikləri şəxslər" siyahısında ifrat sağçı Milli Birlik (Rassemblement National-RN) partiyasının iki lideri – Marin Lö Pen və Jordan Bardella – 33 faizlə ön sıralarda qərarlaşıblar. Bu, ifrat sağçılığın Fransada yüksəlməkdə davam etdiyini göstərir.