Niderlandda növbədənkənar parlament seçkiləri keçiriləcək

A- A A+

Niderlandda siyasi qeyri-müəyyənlik davam edir. Ölkədə hökumətin buraxılmasından sonra növbədənkənar parlament seçkiləri oktyabrın 29-na təyin olunub. Bu qərar koalisiyada yer alan ifrat sağçı Xert Vildersin (Geert Wilders) rəhbərlik etdiyi Azadlıq Partiyasının (PVV) koalisiyanı gözlənilmədən tərk etməsindən sonra verilib.

NUHÇIXAN xəbər verir ki, daxili işlər naziri Yudit Autermak (Judith Uitermark) bu demokratik prosesin uğurla həyata keçirilməsi üçün bələdiyyələrlə və digər tərəfdaşlarla birgə işləyəcəyini bildirib. Həmçinin seçkilərin demokratiya üçün vacib olacağını deyib.

Avropa İttifaqının iqtisadi baxımdan beşinci ən güclü ölkəsində seçkilər son vaxtlar ifrat sağçı partiyaların əhəmiyyətli seçki uğurları əldə etdiyi üçün bütün Avropada yaxından izləniləcək.

Niderlandda siyasət çoxpartiyalı və parçalanmış struktura sahibdir. Parlamentin aşağı palatasında (İkinci Palata) 150 yer var və heç bir partiya təkbaşına əksəriyyət qazana bilmir. Bu da koalisiya hökumətini qaçılmaz edir.

Xert Vilders 2023-cü ilin noyabrında keçirilmiş parlament seçkilərində 37 mandat qazanaraq qalib gəlmişdi. Lakin sərt antiimmiqrasiya siyasəti və digər partiyalarla fikir ayrılıqları onun Baş nazir postuna namizədliyini əngəllədi. Koalisiya tərəfdaşları onu Baş nazir kimi qəbul etməyərək, kompromis namizədi kimi M. Sxofu (M. Schoof) irəli sürdülər.

PVV partiyası Vildersin koalisiyadan çıxmasından sonra bir qədər dəstək itirib. Son sorğular partiyanın 28–30 mandat əldə edə biləcəyini göstərir. Bununla belə, Xert Vildersin əsas problemi yenidən ortaya çıxır: kim PVV ilə koalisiya qurmaq istəyəcək?

Siyasi müşahidəçilər qeyd edirlər ki, bir çox partiya Vildersin “süni hökumət böhranı” yaratdığını düşünərək ona qarşı sərt mövqe tutur. Bu səbəbdən koalisiyanın qurulması prosesi çətin və uzunmüddətli ola bilər.

Oktyabrın 29-da keçiriləcək seçkilərdən sonra ölkədə yeni koalisiyanın formalaşdırılacağı da böyük sual altındadır. Xert Vildersin Baş nazir olmaq arzusu və onun sərt ritorikası digər partiyaların onunla əməkdaşlıq etməsini çətinləşdirir. Siyasi sistemin parçalanmış strukturu isə bu prosesi daha da mürəkkəbləşdirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: