Ətrafındakı materialı sürətlə udan yeni planet kəşf edilib

A- A A+

Yer kürəsinin Günəşin ətrafında fırlandığı kimi, qalaktikamızda kəşf edilən planetlərin əksəriyyəti də bir ulduzun ətrafında dövr edir. Ancaq onların bəziləri avtonom hərəkət edir, yəni, astronomların “yaramaz” planetlər adlandırdığı kateqoriyaya daxildir. Mənşəyi az başa düşülsə də, alimlər indi bu tənha dünyalar haqqında yeni fikirlər təqdim edən və ətrafdakı göy cisimlərini udan yeni planeti araşdırırlar.

NUHÇIXAN “Reuters” agentliyinə istinadla xəbər verir ki, tədqiqatçılar “Cha 1107-7626” adlı bu “yaramaz” planetin Günəş sistemimizin ən böyük planeti olan Yupiterdən təxminən 5-10 dəfə böyük olduğunu bildiriblər. O, qaz və toz diskinin mərkəzində gənc ulduza bənzəyən güclü böyümə zamanı müşahidə edilib, çünki ətrafdakı materialı əvvəllər belə bir obyektdə görülməmiş sürətlə udur.

Yeni planet ən yüksək həddə ətrafdakı materialı saniyədə altı milyard ton, yəni, əvvəlkindən təxminən səkkiz dəfə sürətlə istehlak edir. INAF Palermo Astronomiya Rəsədxanasından astronom Viktor Almendros-Abad deyib: “Bizim aşkar etdiyimiz partlayış gənc ulduzlarda müşahidə edilən ən intensiv böyümə mərhələlərinə bənzəyir. Bu, ulduzların əmələ gəlməsinə təkan verən eyni fiziki proseslərin planetar miqyasda da baş verə biləcəyini göstərir. Bu obyektin yaşı təxminən bir-iki milyon ildir. O, astronomik standartlar üçün çox gəncdir”.

Astronomlar qeyd ediblər ki, “yaramaz” planet özünün formalaşmasının son mərhələsindədir və daha çox kütlə qazanması gözlənilmir. Tədqiqatçılar onun fırlanan diskdən içəriyə doğru materialı yönləndirən güclü maqnit sahələrinə malik olduğunu düşünürlər ki, bu fenomen indiyə qədər yalnız ulduzlarda müşahidə olunub.

Tədqiqatçılar Avropa Cənub Rəsədxanasının Çilidə yerləşən nəhəng teleskopundan istifadə edərək “Cha 1107-7626” planetini müşahidə ediblər. O, Yerdən təqribən 620 işıq ili uzaqlıqdakı Süd Yolu qalaktikamızdakı Buqələmun bürcündə yerləşir. İşıq ili işığın bir ildə qət etdiyi məsafədir (9,5 trilyon km).

Astronomlar bildirirlər ki, bu qəbildən olan planetlər ulduzlar kimi molekulyar bulud kimi tanınan qaz və tozdan ibarət ulduzlararası buludun dağılması nəticəsində yarana və ya yeni doğulmuş bir ulduzun ətrafında fırlanan material diskində adi bir planet kimi əmələ gələ bilər.

Alimlərin qənaətinə görə, “Cha 1107-7626” Günəş sistemimizin ən böyük planetləri kimi bir qaz nəhəngi, yaxud Yer kimi qayalı dünya kimi formalaşsa da, bir ulduz kimi nüvəsindəki hidrogen birləşməsini alovlandırmaq üçün lazım olan kütləyə çatmağa heç vaxt yaxınlaşmayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: