Böyük Britaniyanın daxili kəşfiyyat xidməti MI5 deputatlara xəbərdarlıq edib ki, onlar Çin, Rusiya və İran tərəfindən casusluq məqsədilə hədəfə alınırlar.
NUHÇIXAN “The Independent”ə istinadla xəbər verir ki, bu barədə xəbərdarlıq hökumət tərəfindən təhlükəsizlik naziri Den Carvisin parlamentin Aşağı Palatasında çıxışından öncə yayılıb.
Kəşfiyyat rəhbərləri Britaniyanın demokratik institutlarını xarici agentlərin təsirindən qorumaq üçün yeni təlimat hazırlayıblar.
Məlumatda qeyd olunur ki, seçilmiş nümayəndələr və onların komandasında çalışan şəxslər məxfi məlumatlara çıxışları, siyasətə və ictimai rəyə təsir imkanları, eləcə də mühüm şəxslərlə əlaqələri səbəbindən hədəfə çevrilə bilərlər. Bu, yalnız məxfi sənədlərə deyil, həm də xarici kəşfiyyat üçün dəyərli hesab edilən daxili məlumatlara aid ola bilər. Kəşfiyyat orqanları xəbərdarlıq edir ki, xarici qüvvələr səfərlər, onlayn fəaliyyət və maliyyə ianələri vasitəsilə deputatlara təsir göstərməyə çalışa bilər.
MI5-in baş direktoru Ken Makkallum bildirib ki, xarici dövlətlər Böyük Britaniyanın həyati məlumatlarını oğurlayanda və ya demokratik prosesləri manipulyasiya edəndə, bu, yalnız qısamüddətli təhlükə yaratmır, həm də ölkənin suverenliyinin və vətəndaşların maraqlarını qorumaq qabiliyyətinin əsaslarını sarsıdır.