Çin Prezident Donald Trampın bu ölkədən gələn mallara əlavə 100 faiz rüsum tətbiq edəcəyini bildirməsindən sonra çərşənbə axşamı, oktyabrın 14-də bəyan edib ki, ABŞ-la “ticarət müharibəsində sona qədər mübarizə aparmağa hazırdır”.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, Trampın sosial mediada açıqlanan bu qərarı Pekinin keçən həftə Çinin üstünlük təşkil etdiyi nadir torpaq elementlərinin strateji sahəsində yeni ixrac nəzarəti elan etməsinə cavab idi. ABŞ Prezidenti, həmçinin Vaşinqtonun noyabrın 1-dən etibarən “istənilən və bütün kritik proqram təminatına” ixrac nəzarəti tətbiq edəcəyini də açıqlayıb.
Son eskalasiya bazarları qarışdırıb və Trampın çinli həmkarı Si Cinpin ilə Cənubi Koreyada gözlənilən potensial görüşünü sual altına qoyub.
Çin Ticarət Nazirliyinin nümayəndəsi qeyd edib: “Tarif və ticarət müharibələri məsələsində Çinin mövqeyi sabit olaraq qalır. Əgər siz döyüşmək istəyirsinizsə, sona qədər mübarizə aparacağıq, danışıqlar aparmaq istəyirsinizsə, qapımız açıqdır. Birləşmiş Ştatlar yeni məhdudlaşdırıcı tədbirlər tətbiq etməklə hədələyərkən, eyni vaxtda dialoq axtara bilməz. Bu, Çinlə əlaqə qurmağın düzgün yolu deyil”.
Tramp bazar günü sosial mediada yazdığı “hər şey yaxşı olacaq” sözləri ilə daha çox hədələyici ritorikasından geri çəkilib və əlavə edib ki, ABŞ Çinə “kömək etmək istəyir”.
Çin malları hazırda Trampın Pekini ədalətsiz ticarət təcrübələrində ittiham etməsi fonunda tətbiq etdiyi azı 30 faizlik tariflər ilə üzləşir. Qarşı tərəfin cavab rüsumları hazırda 10 faiz səviyyəsindədir. Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondu və Dünya Bankının 6 aylıq toplantısında da Trampın tarif hücumunun qlobal təsiri diqqət mərkəzindədir. Ağ Ev isə tariflərin uzunmüddətli təsirinin ABŞ üçün müsbət olacağında israr etməyə davam edir.