Dünən axşam ABŞ ordusu Venesuela sahillərindəki beynəlxalq sularda narkotik kartelləri ilə əlaqəsi olduğu iddia edilən gəmiyə zərbə endirib.
NUHÇIXAN xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth social” sosial şəbəkəsindəki səhifəsində yazıb. Onun sözlərinə görə, zərbə nəticəsində gəminin göyərtəsindəki altı nəfərin hamısı həlak olub. Bununla da sentyabr ayından bəri Birləşmiş Ştatlar tərəfindən Venesuela yaxınlığında narkotik kartelinə bağlı gəmilərə endirilən silsilə zərbələr nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.
Tramp qeyd edib ki, ABŞ kəşfiyyatı gəminin məlum marşrutla getdiyini və onun qanunsuz narkotik-terror şəbəkələri ilə əlaqəli olduğunu təsdiqləyib.
Bu ayın əvvəlində Ağ Ev administrasiyası Birləşmiş Ştatların narkotik kartelləri ilə “qeyri-beynəlxalq silahlı münaqişədə” olduğu barədə Konqresi məlumatlandırıb. Eyni zamanda, narkokartellər terrorçu təşkilat, onların üzvləri isə “qanunsuz döyüşçülər” adlandırılıb.