Fransada siyasi böhran fonunda hökumət parlamentdə etimadsızlıq sınağından yayınmaq üçün mühüm kompromisə gedib. Baş nazir Sebastyan Lökornü parlamentdəki siyasət bəyannaməsində sosialistlərin tələblərinə cavab olaraq elan edib ki, 2023-cü ilin pensiya islahatı prezident seçkilərinə qədər dayandırılacaq.
Lökornünün sözlərinə görə, pensiya yaşı 62 il 9 ay səviyyəsində saxlanılacaq, heç bir artım olmayacaq, sığorta müddəti isə 2028-ci ilin yanvarına qədər 170 rüb olaraq qalacaq.
NUHÇIXAN xəbər verir ki, islahatın dondurulması hökumətə 2026-cı ildə 400 milyon avro, 2027-ci ildə isə 1,8 milyard avro əlavə maliyyə yükü gətirəcək. Qərar Sosialist Partiyası (PS) tərəfindən “qələbə” kimi qiymətləndirilib və onlar debatlara hazır olduqlarını bəyan ediblər.
Bununla yanaşı, Milli Birlik (RN) və “Əyilməz Fransa” (LFI) partiyalarının verdiyi etimadsızlıq təklifləri artıq parlamentin gündəmindədir və yaxın günlərdə müzakirəyə çıxarılacaq.
Pensiya islahatının dondurulması hökumətin sosialistlərlə dialoqa açıq olduğunu göstərən “yumşaq siqnal” hesab olunur. Bu addımın parlamentdə büdcə müzakirələrini daha az gərgin atmosferdə keçirməyə imkan verəcəyi ümid edilir.
Sağçı partiyalar qərarı sərt tənqid edərək hökumətin sol qüvvələrin diktəsi altında hərəkət etdiyini bildiriblər. Makronun tərəfdarları isə bu addımı böyük kompromis kimi qiymətləndirirlər, çünki indiki siyasi şəraitdə hökumətin başqa alternativi demək olar ki, yoxdur.
Ekspertlər Emmanuel Makronun geri çəkilməsini “siyasi labirintdə çıxış yolu” kimi dəyərləndirsələr də, qərarın həm hakimiyyətin zəifləməsi, həm də etibarsızlıq riskinin artması ilə nəticələnə biləcəyini qeyd edirlər. Gözlənilir ki, hökumət, parlament və partiya daxilində formalaşacaq yeni siyasi balanslar yaxın aylarda Fransa siyasi mənzərəsini ciddi şəkildə dəyişəcək.