Ermənistanda altı din xadimi və kilsənin mülki işçiləri saxlanılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistanın Apostol Kilsəsinin mətbuat katibi Yesai Artenyan məlumat yayıb.
Onun sözlərinə görə, Ermənistandakı Saqmosavank monastır kompleksinin nümayəndəsi, Paren Arakelyan, Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının rəhbəri, yepiskop Mkrtiç Proşyan və başqaları İstintaq Komitəsinə gətirilib.
Yepiskop Mkrtiç Proşyan bütün ermənilərin katolikosu II Qareginin yaxın qohumudur.
Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan yerli mətbuata bildirib ki, vəzifə və xidməti səlahiyyətlərindən sui-istifadə etmə maddəsi ilə açılmış cinayət işi üzrə ibtidai istintaq çərçivəsində zəruri prosessual addımlar atılır.
Qeyd edək ki, Ermənistanın Apostol Kilsəsi ilə respublika hökuməti arasında münasibətlər Nikol Paşinyanın hakimiyyətə gəlişindən və Qarabağın Azərbaycana məxsus olduğunu bəyan etməsindən sonra gərginləşib. Bir müddət öncə, bütün ermənilərin ali patriarxı və katolikosu II Qaregin erməni kilsəsinin Nikol Paşinyanın istefası ilə bağlı çağırışından imtina etmədiyini demişdi.