Çinin xarici ticarət qovşağı olan Quancou şəhərində ölkənin ən böyük ticarət sərgisi olan Çin idxal və ixrac sərgi-yarmarkanın (Kanton sərgisi) payız sessiyası işə başlayıb.
NUHÇIXAN xəbər verir ki, 3 mərhələdə keçiriləcək sərginin hər mərhələsi 5 gün davam edəcək. Budəfəki sərgi həm iştirakçıların, həm də pavilyonların sayına görə rekord göstəricilərə malikdir. Təşkilatçıların məlumatına görə 218 ölkədən 247 min alıcı qeydiyyatdan keçib. Bu, əvvəlki sərgi ilə müqayisədə 10 faiz çoxdur. ABŞ, Avropa İttifaqı, “Kəmər və yol” ölkələrindən olan alıcıların sayında artım daha böyükdür.
Sərgidə 74 mindən çox pavilion fəaliyyət göstərir. Kantona ilk dəfə qatılan şirkətlərin sayı 3600-dən çoxdur.
Qeyd edək ki, 1957-ci ildən bəri ildə iki dəfə keçirilən Kanton sərgisi Çinin xarici ticarətinin barometri sayılır. Kanton sərgisi ziyarətçilərin və iştirakçı şirkətlərin, ticarət sövdələşmələrinin və nümayiş olunan məhsulların növ sayına görə dünyada ən böyük ticarət sərgi-yarmarkalarından biri hesab olunur. Sərgi Çinin Kommersiya Nazirliyinin və Quandon vilayəti hökumətinin birgə təşkilatçılığı ilə ildə iki dəfə - yazda və payızda keçirilir.