Gürcüstan Parlamenti müəyyən şəxslərin siyasi fəaliyyətini məhdudlaşdıran qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
NUHÇIXAN xəbər verir ki, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təşəbbüsü ilə hazırlanan layihə plenar iclasda sürətləndirilmiş qaydada qəbul olunub. Parlamentin 80 deputatı layihənin lehinə səs verib.
Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, Konstitusiya Məhkəməsinin qərarı ilə hər hansı partiyanın fəaliyyəti qadağan edildikdə, həmin partiyanın üzvləri və ona bağlı şəxslər passiv seçki hüququndan məhrum ediləcəklər. Bu şəxslər artıq parlament və bələdiyyə seçkilərində iştirak edə, konstitusiya orqanlarında rəhbər vəzifə tuta və digər partiyalara üzv ola bilməyəcəklər.
Qanun, həmçinin bu şəxslərin digər partiyalara maddi dəstək göstərməsini də qadağan edir. Eyni zamanda, belə şəxsləri sıralarına qəbul edən partiyalar Cinayət Məcəlləsinə əsasən cərimə olunacaq.
Yeni qanunvericilik qüvvəyə mindikdən sonra Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası Konstitusiya Məhkəməsinə müraciət edərək konkret partiyaların fəaliyyətinin qadağan edilməsini və onlara bağlı şəxslərin hüquqlarının məhdudlaşdırılmasını tələb edəcək.
Bildirilib ki, dəyişikliklərdən sonra siyasətlə məşğul olan agenturaların fəaliyyətinə də son qoyulacaq.