Rusiyada əcnəbilərin tibbi müayinə zamanı hepatit B və C viruslarına görə yoxlanılması təklif olunub
Rusiya Səhiyyə Nazirliyi miqrantlar, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, eləcə də qaçqın statusu almaq və ya müvəqqəti sığınacaq üçün müraciət edənlərin tibbi müayinəsinin aparılması qaydalarına dəyişikliklər təklif edib.
NUHÇIXAN “Vedomosti” qəzetinə istinadla xəbər verir ki, 2026-cı il martın 1-dən etibarən bu kateqoriyaya aid şəxslərin B və C viruslu hepatitlərə yoluxub-yoluxmadığının müəyyənləşdirilməsi planlaşdırılır.
Rusiyaya daxil olan əcnəbilər hepatit B və C viruslarının kəskin və xroniki formalarına dair analizlər verməli olacaqlar. Hazırda tibbi müayinə narkotik maddələrdən istifadə, eləcə də ətrafdakılar üçün təhlükə yaradan İnsan İmmun çatışmazlığı Virusu (İİV), vərəm, sifilis və cüzam kimi xəstəliklərə dair yoxlamaları əhatə edir.
Miqrantların tibbi müayinədən keçməsi həm də Rusiyada işləmək üçün icazə, müvəqqəti yaşamaq və ya daimi yaşayış hüququ əldə etmək üçün tələb olunur.
Qanunvericiliyə əsasən, ölkəyə əmək fəaliyyəti məqsədilə gələn əcnəbilər giriş tarixindən etibarən 30 təqvim günü ərzində, işlə əlaqəsi olmayan məqsədlərlə gələnlər isə 90 gün ərzində tibbi müayinədən keçməlidirlər. Bu müddəa “Rusiya Federasiyasında əcnəbilərin hüquqi statusu haqqında” qanunda nəzərdə tutulub.