Nyu-York şəhərinin meri Erik Adams rəqəmsal aktivlər və blokçeyn idarəsinin yaradılması haqqında fərman imzalayıb. Bu, ABŞ-da ilk belə ofis hesab olunur. Yeni idarəyə daha əvvəl merin kriptovalyutalar üzrə müşaviri vəzifəsində çalışmış Moyzes Rendon rəhbərlik edəcək.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, idarənin əsas məqsədi “Web3” sahəsində məsuliyyətli innovasiyaların təşviqi, dünya səviyyəli mütəxəssislərin və tərəfdaşların cəlb edilməsi, yeni iqtisadi imkanların yaradılması və Nyu-Yorkun qlobal kriptomərkəz kimi mövqeyinin gücləndirilməsidir.
Yeni ofis, həmçinin sənaye nümayəndələri ilə yerli hakimiyyət orqanları arasında dialoqun koordinasiyasına cavabdeh olacaq. Qurumun Nyu-York Şəhər Texnologiyalar və İnnovasiyalar İdarəsi (OTI) ilə sıx əməkdaşlıq edəcəyi gözlənilir.
“İlk gündən etibarən administrasiyamız Nyu-Yorku texnoloji tərəqqinin önündə saxlamaq üçün çalışır, çünki biz yeni texnologiyaları tətbiq etdikcə, şəhər daha təhlükəsiz və əlçatan olur”, – deyə E. Adams bildirib. Qeyd edək ki, o, maaşını kriptoaktivlərlə alan ilk ABŞ meri olub və bu sahənin inkişafını fəal şəkildə dəstəkləyir.
Bu il may ayının sonunda merin təşəbbüsü ilə kriptoaktivlər üzrə məsləhət şurası yaradılıb. O, həmçinin bitkoin əsaslı istiqrazların buraxılması ideyasını da dəstəkləyib.
“Nyu-York həmişə innovasiyaların mərkəzi olub və bu gün biz gələcəyin texnologiyalarını mənimsəyirik. Rəqəmsal aktivlər dövrü artıq başlayıb və bu, iqtisadiyyatımızı canlandırmaq, dünya səviyyəli istedadları cəlb etmək, aztəminatlı bank icmalarının imkanlarını genişləndirmək və normativ bazanı istifadəçilər üçün daha əlverişli etmək üçün böyük şansdır”, – deyə şəhər rəhbəri vurğulayıb.
Yeni idarənin rəhbəri Moyzes Rendon isə bildirib ki, onun əsas prioriteti idarənin pilot layihələrini koordinasiya edəcək ekspertlər komissiyasının formalaşdırılması olacaq. Bu istiqamətdə şəhər xidmətlərinin fəaliyyətində şəffaflıq və səmərəliliyi artırmaq üçün blokçeyn texnologiyalarının tətbiqi imkanları da araşdırılacaq.