Çində helikopter sərgisi keçirilir - FOTOLAR
Çinin sənaye mərkəzlərindən olan Tiencin şəhərində 7-ci Çin beynəlxalq helikopter sərgisi keçirilir.
NUHÇIXAN xəbər verir ki, 4 gün davam edəcək sərgidə dünyanın 20 ölkəsindən olan helikopter, habelə helikopterlər üçün avadanlıq, ehtiyat hissələri, texnologiyalar istehsal ilə məşğul olan və xidmətlər göstərən 400 şirkət iştirak edir.
Sərginin 160 min kvadratmetrlik ekspozisiya sahəsində hərbi və mülki helikopterlər, o cümlədən sərnişin və yük daşınması üçün nəzərdə tutulan helikopterlər, təcili tibbi yardım helikopterləri, fövqəladə hallarda istifadə olunan helikopterlər, habelə pilotsuz uçuş aparatları (PUA), mühərriklər, bort avadanlığı, yerüstü xidmət avadanlığı və dəstək xidmətləri nümayiş olunur. Sərgi çərçivəsində yeni məhsulların təqdimatı, forumlar, işgüzar danışıqları keçirilir. Tədbirin ən çox maraq doğuran məqamlarından biri helikopterlərin akrobatik şoularıdır. Bu şoularda ən son texnoloji cihazlarla təchiz olunmuş hərbi və mülki helikopterlər iştirak edir.
Qeyd edək ki, Tiencin beynəlxalq helikopter sərgisi Çində və hətta Asiyada helikopter sənayesinin inkişafı üçün əlverişli şərait yaratmağı, dünya helikopter istehsalçılarına təcrübə nümayiş etdirmək və bölüşmək üçün platforma təqdim etməyi, beynəlxalq helikopter sənayesinin əməkdaşlığını, yeniliyini və inkişafını təşviq etməyi hədəfləyir.