Ermənistan və ABŞ “Beynəlxalq sülh və tərəqqi üçün Tramp marşrutu” layihəsinin məzmunu ilə bağlı ətraflı müzakirələr aparırlar.
NUHÇIXAN xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə jurnalistlərə açıqlamasında deyib. Paşinyanın sözlərinə görə, hər şey əvvəlcədən detallı şəkildə müzakirə olunmalı, layihələndirilməli və yalnız bundan sonra icra olunmalıdır.
“Hazırda biz “Tramp marşrutu” layihəsinin mətni üzərində işləyirik. Masada artıq elementlər var və biz onları yekunlaşdıraraq vahid sənəd formasına salmalıyıq”, - deyə baş nazir vurğulayıb.
Qeyd edək ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampla keçirilən üçtərəfli görüşün yekununda Bakı ilə İrəvan arasında sülhün təmin olunması və Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqələrinin qurulması ilə bağlı birgə bəyannamə imzalayıblar. Bu layihə “Beynəlxalq sülh və tərəqqi üçün Tramp marşrutu” adlandırılıb.