Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Baş Prokurorluqla razılaşdırılmış əməliyyatı nəticəsində qanunsuz sahibkarlıq fəaliyyəti və çirkli pulların yuyulması faktı üzrə beş Rusiya Federasiyası vətəndaşını saxlayıb.
NUHÇIXAN xəbər verir ki, qurumdan verilən məlumata görə, istintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən biri Gürcüstan Milli Bankının icazəsi olmadan virtual aktiv (kripto) xidmətləri göstərən qanunsuz ofis fəaliyyətini təşkil edib.
Həmçinin, qondarma "kuryer xidməti" vasitəsilə yüz milyonlarla lari həcmində nəzarətsiz beynəlxalq əməliyyatlar həyata keçirilib.
Araşdırmalar göstərib ki, Rusiya vətəndaşları külli miqdarda xarici valyutanı sərhəd nəzarətindən gizli şəkildə ölkəyə gətirərək virtual aktivlər alıb və bu yolla qeyri-qanuni gəlirlərə qanuni görünüş verməyə cəhd göstəriblər.
Tbilisidə aparılan axtarışlar nəticəsində istintaq orqanları 371 min ABŞ dolları, mühasibat sənədləri, kompüter avadanlıqları, eləcə də Rusiya qeydiyyat-nişanlı avtomobillərdən ümumilikdə 721 min dollar məbləğində vəsait aşkarlayıb.
Faktla bağlı cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 192 və 194-cü maddələri üzrə başlanıb. Saxlanılan şəxsləri 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
İstintaq davam edir və cinayət əməlində əli olan digər şəxslərin müəyyən edilməsi, vergidən yayınma və əlavə qanunsuz gəlir leqallaşdırma halları araşdırılır.