Almaniyadan Türkiyəyə “Eurofighter Typhoon” üçün yaşıl işıq

A- A A+

Almaniya “Eurofighter Typhoon” qırıcı təyyarələrinin ehtimal olunan tədarükünə dair Türkiyə ilə danışıqlara başlamağı qəbul edib.

NUHÇIXAN Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyindən məlumat verilib. Məlumatda qeyd olunur ki, Almaniya hökuməti, Türkiyəyə “Eurofighter Typhoon” tədarükü ilə bağlı danışıqların aparılması barədə Airbus-un ilkin tələbinə müsbət cavab verib.

Bundan əlavə, Almaniya Xarici İşlər naziri Yohann Vadephulun (Johann Wadephul) məsələni Türkiyənin Xarici İşlər naziri Hakan Fidanla müzakirə etmək üçün Ankaraya gedəcəyi bildirilib.

Türkiyə “Eurofighter Typhoon” döyüş təyyarələrini NATO çərçivəsində ortaq müdafiə məqsədi ilə istifadə edənlər sırasına qoşulmaq üçün ilk rəsmi addımı iyul ayında atmışdı. Türkiyə və Böyük Britaniyanın müdafiə nazirlikləri arasında Anlaşma Memorandumu imzalanmışdı. Böyük Britaniyanın təklifi ilə müqavilə çərçivəsində Türkiyəyə 40 ədəd təyyarə tədarükü nəzərdə tutulur.  Qardaş Türkiyənin havadan havaya və havadan yerə hücum missiyalarında istifadə oluna bilən çoxfunksiyalı təyyarəni arsenalına daxil etməsi hərbi hava qüvvələrinə əlavə güc qatacaq.

Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldıqdan sonra F-35 qırıcı təyyarə proqramından çıxarılmışdı. Bundan sonra alternativ qırıcı təyyarə tədarükünə dair cəhdlər edən Türkiyə, “Eurofighter Typhoon” üçün diplomatik və texniki təmaslarını davam etdirirdi. Lakin Almaniyanın “Eurofighter” ixrac lisenziyasını vermək məsələsində istəksiz mövqeyi prosesin uzun müddət irəliləyiş əldə edə bilməməsinə səbəb olmuşdu. Nəhayət, Almaniyada hakimiyyətə gələn Fridrix Mersin (Friedrich Merz) rəhbərlik etdiyi hökumət Türkiyəyə satışa icazə verib.

Çoxməqsədli, iki mühərrikli, delta qanadlı “Eurofighter Typhoon” qırıcı təyyarəsi Avropanın ən böyük üç müdafiə şirkəti olan BAE Systems (Böyük Britaniya), Airbus (Almaniya və İspaniya) və Leonardo (İtaliya) tərəfindən ortaq istehsalla hazırlanıb. Avropa ölkələrinin birgə layihəsi olduğu üçün Avropa Birliyi istehsalı hesab olunan təyyarə Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya tərəfindən fəal şəkildə istifadə edilir.

“Eurofighter” konsorsiumu bu təyyarələrin istehsalını 2028-ci ildən etibarən ildə 30 təyyarəyə çatdırmağı planlaşdırır. Bu da hazırkı istehsalı iki dəfədən çox üstələmək deməkdir. Uzunmüddətli perspektivdə hasilatı əhəmiyyətli dərəcədə artırmaq üçün Avstriya, Polşa, Türkiyə və Səudiyyə Ərəbistanı əsas alıcılar kimi göstərilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: