Yaponiya Baş nazirinin Yasukuni məbədinə ianə göndərməsi Çində etirazla qarşılanıb

A- A A+

Yaponiyanın Baş naziri Şiqeru İşibanın yapon militarizminin rəmzi hesab edilən Yasukuni məbədinə ianə göndərməsi Çində etiraza səbəb olub.

NUHÇIXAN xəbər verir ki, ianə məbədə payız festivalının başlaması ilə əlaqədar göndərilib.

Yaponiya mediası hakim Liberal Demokrat Partiyasının yeni seçilmiş sədri Takaiçi Sanaenin məbədi ziyarət etməyəcəyini yazır. Bununla belə onun məbədə şəxsi hesabından maddi yardım göndərdiyi bildirilir. Yaponiya parlamentində təmsil olunan partiyaların 64 deputatı məbədi ziyarət edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien mətbuat brifinqində ölkəsinin Yaponiyanın Yasukuni məbədi ilə bağlı hərəkətlərinə qətiyyətlə qarşı çıxdığını deyib.

“Yaponiyanı təcavüz tarixinə düzgün baxmağa və bu barədə düşünməyə, Yasukuni məbədi kimi tarixi məsələlərdə ehtiyatlı davranmağa, militarizmdən tamamilə uzaqlaşmağa, dinc inkişaf yolu ilə irəliləməyə, Asiya qonşularının və beynəlxalq ictimaiyyətin etimadını konkret hərəkətlərlə qazanmağa çağırırıq", - deyə Lin Cien bildirib.

Qeyd edək ki, Yasukuni məbədində XIX əsrin ortalarından başlayaraq Yaponiya uğrunda döyüşlərdə həlak olan əsgərlərin siyahısı saxlanılır. Burada, həmçinin İkinci Dünya müharibəsində Yaponiyanın məğlubiyyətindən sonra edam edilən hərbi cinayətkarların da adları yer alır. Məhz buna görə də Yaponiya rəsmilərinin həmin məbədi ziyarət etməsi və ya ora ianə göndərməsi ölkənin işğalçı siyasətinə bəraət qazandırılması kimi qiymətləndirilərək Çin, Cənubi Koreya və digər Asiya ölkələri tərəfindən kəskin tənqid edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: