Böyük Britaniya hərbçilərinə hərbi bazaların yaxınlığında aşkarlanan dronları vurmaq səlahiyyəti veriləcək
Böyük Britaniya hərbçilərinə ölkə ərazisindəki hərbi bazalara təhlükə yaradan dronları vurmaq üçün yeni səlahiyyətlər veriləcək.
NUHÇIXAN “Daily Telegraph”a istinadla xəbər verir ki, yeni qaydalar hərbçilərə təcili vəziyyətlərdə daha sürətli və qəti addımlar atmaq imkanı yaradacaq.
Son 1 ildə Amerika Birləşmiş Ştatları qüvvələrinin istifadə etdiyi 4 Britaniya aviabazasında naməlum dronların göründüyü barədə məlumatlar yayılıb. Həmçinin son aylarda Avropanın müxtəlif ölkələrində dronların hava məkanını pozması ilə bağlı hadisələr artıb.
Yeni səlahiyyətlər yalnız hərbi obyektlərə aid olacaq, lakin gələcəkdə bu qaydaların mülki obyektlərə, məsələn, hava limanlarına da şamil edilə biləcəyi istisna olunmur. “Kinetik seçim” adlanan yeni mexanizm çərçivəsində Britaniya hərbçiləri və Müdafiə Nazirliyinin polisi hərbi obyektlərə təhlükə yaradan dronları vurmaq hüququ qazanacaq.
Hazırda qüvvədə olan prosedur yalnız dronların istiqamətini dəyişdirməyə və ya GPS siqnallarını pozmağa icazə verir. Naməlum dronun vurulması isə yalnız fövqəladə hallarda mümkündür.
Son aylarda Avropa İttifaqı ölkələrində də dron fəaliyyətinin artması səbəbindən Danimarkada ittifaqa daxil olan ölkələrin liderlərinin fövqəladə sammiti keçirilib. Bir neçə üzv dövlət Rusiyadan gələn dronların operativ şəkildə aşkarlanması, izlənməsi və məhv edilməsi üçün çoxsəviyyəli “dron divarı” layihəsini dəstəkləyib.