Cəmi 25 ədəd “Patriot” sisteminin tədarükü üzrə Ukrayna ilə ABŞ arasında müqavilə hazırlanır.
NUHÇIXAN xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
“ABŞ-ın müvafiq xidmətləri ilə koordinasiya şəraitində hava hücumundan müdafiə ilə məşğul olan müdafiə şirkətləri ilə əlaqələr qurduq və 25 ədəd “Patriot” sisteminin tədarükünə dair müqavilə hazırlayırıq. Hesab edirəm ki, bu, çox yaxşı bir müqavilədir. Sadə bir şey deyil. Amma uzunmüddətli bir müqavilədir”, - deyən Zelenski ölkənin hər il 25 sistem alacağını, onların sayının isə hər il dəyişəcəyini bildirib.
“Patriot” sistemlərinin istehsalından danışan Zelenski müvafiq müqavilələri imzalayan ölkələrin növbədə gözləmə siyahısının mövcudluğunu qeyd edib. “Siyasi iradə olarsa, Ağ Ev sifarişi dəyişə bilər. Biz başa düşürük ki, hansı Avropa dövlətləri bizə öz növbəsini verə bilər”, -deyə Ukrayna Prezidenti qeyd edib.
Ukrayna lideri əlavə edib ki, Avropanın əsas NATO ölkələrinin hər birinin öz “Patriot” sistemləri, eləcə də ABŞ-a məxsus sistemləri var. “Bu, onu deməyə əsas verir ki, əgər hamı birlikdə çalışsa və xoşməramlı olarsa, Ağ Ev Avropa ölkələrində olan bu Amerika sistemlərini əldə etməkdə bizə kömək edə bilər”, -deyə dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna “Patriot” satınalmalarını dondurulmuş Rusiya aktivləri, eləcə də ikitərəfli təhlükəsizlik sazişləri hesabına maliyyələşdirməyə ümid edir.
Zelenski daha sonra bildirib: “Qeyd etdiyim miqdarda tədarük olunacaq sistemlər maliyyə vəsaiti tələb edir. Bizə aydındır ki, bu maliyyənin əsas mənbəyi Rusiyanın dondurulmuş aktivləridir. Yəni, bu müqavilənin maliyyə bazası hazırlanıb. Təbii ki, biz başqa maliyyə mənbəyi üzərində də işləməliyik. Hazırda ölkələrlə 28 ikitərəfli təhlükəsizlik sazişimiz var”.
Prezident Zelenski 25 ədəd “Patriot” sisteminin Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən tələb olunduğunu vurğulayıb.