OPEC-in Beynəlxalq İnkişaf Fondu (OFID) beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində Suriyanın elektrik enerjisi sektorunun bərpası üçün hərtərəfli plan hazırlayıb.
NUHÇIXAN xəbər verir ki, bunu OPEC-in Beynəlxalq İnkişaf Fondunun baş direktoru Əbdülhəmid əl-Xəlifə bildirib.
Effektiv enerji infrastrukturu olmadan inkişafın mümkünsüzlüyünü deyən əl-Xəlifə qeyd edib ki, ilkin mərhələdə mövcud elektrik stansiyalarının bərpası həyata keçiriləcək, bundan sonra isə müstəqil enerji istehsalçısı modeli (IPP) əsasında daha böyük layihələrə keçid nəzərdə tutulur.
Fondun baş direktoru diqqətə çatdırıb ki, qurumun orta müddətli məqsədi iri layihələrin icrasında hökumətin üzərindəki yükü azaltmaq üçün daha çox özəl investisiya cəlb etməyə imkan verən mühit yaratmaqdır.
Qəzza sektorundakı vəziyyətə toxunan baş direktor bildirib ki, fond yaxın zamanda Qəzza və İordan çayının Qərb sahilində infrastrukturun dəstəklənməsini davam etdirəcək, əlverişli şərait yaranan kimi fəaliyyətini genişləndirəcək. O qeyd edib ki, fondun Qəzzaya dair baxışı təcili humanitar yardımdan inkişaf yönümlü layihələrə keçidi nəzərdə tutur. Bu layihələr sakinlərin iqtisadi fəaliyyətini bərpa etməyə və əsas xidmətlərin yenidən qurulmasına kömək etməlidir. Baş direktor vurğulayıb ki, inkişaf institutları təbiətcə siyasi deyil və onların əsas məqsədi insanların həyat səviyyəsini yaxşılaşdırmaqdır.