Qış mövsümü yaxınlaşdıca, Ukraynanın qarşılaşdığı ən böyük problemlərdən biri enerji və qaz təminatı ilə bağlıdır. Rusiya ordusunun Ukraynanın enerji və qaz infrastrukturlarını intensiv hədəf alması bu sahədə böhran yarada bilər.
NUHÇIXAN xəbər verir ki, payız-qış dövrünün başlanğıcına qədər Ukraynanın yeraltı anbarlarında 13,2 milyard kubmetr qazın yığılması planlaşdırılırdı ki, bunun da 4,6 milyardı idxal edilməli idi.
Oktyabrın əvvəlinə anbarlarda istilik mövsümünün başlanması üçün kifayət qədər ehtiyat var idi. “Naftoqaz”ın baş direktoru Sergey Koretskinin sözlərinə görə, hökumətin planı 95-97 faiz yerinə yetirilib.
“Bloomberg”in Ukrayna hökumətindəki mənbələrə istinadən verdiyi məlumata görə, Rusiyanın Ukrayna qaz infrastrukturuna olan kütləvi hücumları nəticəsində yerli istehsal gücünün 60 faizi sıradan çıxıb.
Ekspertlərin proqnozuna görə, Ukrayna bu ilin sonuna qədər 6 milyard kubmetrdən çox qaz idxal etməli olacaq və bu prosesi gələn ilin birinci rübünədək davam etdirəcək. İdxalın həcmi qış mövsümündə havanın temperaturundan, istehlak səviyyəsindən və qaz infrastrukturunun zədələnməsindən asılı olacaq. Ona görə də Ukrayna ən pis ssenarilərə hazırlaşır.
Oktyabr ayında “Naftoqaz” şirkəti Ukrayna və Avropa banklarından 370 milyon dollardan çox vəsait cəlb edib. İlin sonunadək tərəfdaşlardan yeni maliyyə yardımı cəlb edilməsi gözlənilir. “Naftoqaz” Slovakiya, Macarıstan və Polşadan qaz idxal edir. Slovakiya Ukraynaya qaz tranziti tariflərini 70 faiz artırmağı planlaşdırır. Bu, Ukraynanın idxal xərclərini əhəmiyyətli dərəcədə artıra bilər.
Elektrik enerjisi bazarının strukturu qaz bazarından fərqlənir. Ukraynanın elektrik enerjisi ilə təminatı Avropa bazarlarından alan və Ukraynada satan özəl şirkətlər tərəfindən həyata keçirilir. İdxalın həcmi Ukrayna və Aİ ölkələri arasında qiymət fərqindən asılıdır ki, bu da şirkətlərin mənfəətinə birbaşa təsir göstərir. Sentyabrda Ukrayna rekord həcmdə elektrik enerjisi ixrac edib, lakin oktyabrda bu rəqəm minimuma düşüb. Bununla belə, oktyabrın ilk 17 günündə bütün sentyabr ayı ilə müqayisədə daha çox elektrik enerjisi idxal edilib.
Artıq yerli ekspertlər hesab edirlər ki, enerji vəziyyətinin ağır olması səbəbindən bir çox ukraynalılar üçün istilik mövsümü gec başlaya bilər. Kiyevdə yaşayış binalarının isidilməsi noyabrda bərpa oluna bilər. Normativə görə isə Ukraynada yaşayış binalarına istilik oktyabrın 15-dən verilməli idi.