Çində dünyanın ən sürətli qatarının daha bir sınağı keçirilib

A- A A+

Çində dünyanın ən sürətli qatarı olan CR450-nin istifadədən əvvəl kvalifikasiya sınağı keçirilib.

NUHÇIXAN xəbər verir ki, Şanxay və Çendu şəhərləri arasındakı xəttdə keçirilmiş sınaq zamanı qatarın sürəti saatda 453 kilometrə çatıb.

Mühəndislər CR450 qatarını saatda 450 kilometr sürət üçün hazırlasalar da, sərnişindaşımada əməliyyat sürəti maksimum saatda 400 kilometr olacaq.

Qatarın sürəti yerindən tərpənəndən 4 dəqiqə 40 saniyə sonra saatda 350 kilometrə çatır. Sələfi CR400 ilə müqayisədə burnu daha uzun, tavanı 20 santimetr aşağıdır. İstehsalçı yeni qatarın hərəkət müqavimətini 22 faiz, çəkisini isə 10 faiz azaltmaqla, enerji səmərəliliyini artırıb. Sürətin artmasına baxmayaraq, bu optimallaşdırmalar enerji istehlakını minimuma endirir və daha yüksək əməliyyat sürətində sabitlik təmin edir. CR450 hazırda Çində istismar olunan CR400-dən daha sürətli olmasına baxmayaraq, əyləc məsafəsi eynidir. Qatarın interyeri sərnişinlərin rahatlığını artırmaq üçün dəyişdirilərək salonun sahəsi 4 faiz çoxaldılıb. Tənzimlənən baqaj rəfləri, velosipedlərin, əlil və uşaq arabalarının, digər iri əşyaların saxlanması üçün universal otaq sərnişinlərin tələbatını ödəməyə imkan verir.

İndiyədək qatar bir neçə komponent üzrə sınaqdan keçirilib. Bundan başqa, 3 min stimulyasiya, 2 min platforma testi baş tutub. CR450-nin sərnişin daşınmasına icazə verilməsi üçün 600 min kilometr qəzasız yol qət etməlidir.

Qeyd edək ki, Çin hazırda dünyada ən böyük sürətli dəmir yolu şəbəkəsinə malikdir. Ölkənin saatda 200 km/saat-dan yuxarı sürətli qatarlar üçün nəzərdə tutulan dəmir yollarının uzunluğu 48 min kilometrə çatır ki, bu da bütün dünya üzrə sürətli dəmir yolu şəbəkəsinin təxminən 70 faizi deməkdir. Əhalisinin sayı 500 mindən yuxarı olan şəhərlərin əksəriyyəti sürətli dəmir yolu şəbəkəsinə qoşulub. Amma Çin bununla da kifayətlənmir, 2035-ci ilədək sürətli dəmir yolu şəbəkəsinin 70 min kilometrə çatdırılması planlaşdırılıb. Sürətli dəmir yolu sistemi Çin iqtisadiyyatının gücünün, sürətli modernləşməsinin, texnoloji tərəqqisinin rəmzinə çevrilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: