Avropa İttifaqına üzv ölkələr sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyətinin tətbiqini müzakirə edir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Brüsseldə keçirilən sammitdə qəbul edilmiş bəyanatda bildirilib.
Yetkinlik yaşına çatmayanların rəqəmsal mühitdə qorunması məqsədilə yaş məhdudiyyətinin tətbiqinin hər bir üzv dövlətin milli səlahiyyətlərinə hörmət əsasında həyata keçirilməsi vurğulandığından bu məsələnin müəyyən qədər vaxt aparacağı gözlənilir.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen xüsusi ekspert qrupunun bu məsələnin ən düzgün tənzimlənmə forması barədə ilin sonuna qədər tövsiyələr hazırlayacağını bildirib. O bu məsələdə dünyada ilk dəfə ötən ilin noyabrında 16 yaşdan aşağı yeniyetmələr üçün sosial şəbəkələrdən istifadəyə qadağa qoyan Avstraliyanın təcrübəsini nümunə göstərib.
Avropa Komissiyası artıq sosial mediada mümkün yaş məhdudiyyətlərinin texniki əsaslarını hazırlayır. Hazırda yaşın yoxlanması üçün verifikasiyaya əsaslanan tətbiq üzərində iş aparılır. Məqsəd uşaq və yeniyetmələr üçün uyğun olmayan məzmunlara girişin və yaş məhdudiyyətlərinin asanlıqla aşılmasının qarşısını almaqdır.
