Ötən gün axşam saatlarında Litva Belarusla sərhəd-keçid məntəqələrini qeyri-müəyyən müddətədək bağlayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Litva Daxili İşlər Nazirliyinin Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda deyilir.
“Belarusdan Litvaya uçan hava şarları səbəbindən Myadininkay və Şalçininkay sərhəd-keçid məntəqələrindən nəqliyyat vasitələrinin və insanların keçidi müvəqqəti olaraq dayandırılıb”, - deyə məlumatda bildirilir.
Ötən həftə qaçaqmalçılara aid hava şarlarının Belarusdan Litva ərazisinə keçməsi səbəbindən Vilnüs bu ölkə ilə sərhəd-keçid məntəqələrinin və paytaxtın hava limanının fəaliyyətini dayandırıb. Daha sonra Litva Prezidenti Gitanas Nauseda və Baş nazir İnqa Ruqinene Belarusla sərhədin uzun müddətə bağlanma ehtimalını istisna etmədiklərini deyiblər.
