Çinin Aerokosmik elm və sənaye korporasiyası (CASIC) təcili rabitəni və yüksək hündürlükdən yer səthinin uzun müddətli müşahidəsini təmin etmək üçün günəş batareyası ilə işləyən pilotsuz uçan aparat hazırlayır.
NUHÇIXAN “China Daily” qəzetinə istinadla xəbər verir ki, artıq yeni texnologiyanın eksperimental uçuşları həyata keçirilir. Pilotsuz uçan aparat stratosferə - 20 kilometr yüksəyə qalxa biləcək. Ondan azı bir həftə fasiləsiz istifadə etmək mümkün olacaq. Uçuşlar daim buludlardan yuxarıda həyata keçiriləcəyi üçün aparat gündüz vaxtı daim günəş enerjisi ilə işləyəcək.
Xüsusi avadanlıqların quraşdırıldığı aparat adətən peyklər vasitəsi ilə yerinə yetirilən, o cümlədən telekommunikasiyanın, telefon əlaqəsinin və internetin təmin olunması kimi bir sıra məqsədlər üçün nəzərdə tutulur. Ondan dünyanın uzaq guşələrində, əsasən də adalarda və dağlarda yerləşən insanlar istifadə edəcəklər. Pilotsuz uçan aparat yüngül kompozit materiallardan hazırlanıb, standart konstruksiyaya malikdir və istifadəsi minimal xərclə başa gələcək. Yeni texnologiyanın 2018-ci ildə artıq 100-dən çox sınağı keçirib.
Çinli konstruktorlar stratosferdə (20-50 kilometr), həmçinin mezosferdə (50-85 kilometr) uçuşlar üçün nəzərdə tutulan pilotsuz aparatların hazırlanması ilə məşğuldurlar. ÇXR yaxın gələcəkdə “yaxın kosmosdan” – Karman xəttindən (100 kilometr) aşağı atmosfer qatlarını aktiv istifadəyə cəlb etməyi planlaşdırır.