Gürcüstan hökumətinin qərarına əsasən, 2026-cı ildə Müdafiə Qüvvələrinin sayı 37 min hərbçidən çox olmamaqla müəyyən ediləcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstan müdafiə nazirinin müavini Qriqol Qiorqadze parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin iclasında bildirib. Onun sözlərinə görə, hər il dövlət büdcəsi layihəsi ilə paralel olaraq parlamentə Müdafiə Qüvvələrinin sayının təsdiqi ilə bağlı hökumət fərmanı təqdim olunur. Nazir müavini deyib ki, 2026-cı il üçün Müdafiə Qüvvələrinin sayı cari illə müqayisədə dəyişməz olaraq 37 min nəfərdən çox olmayan hərbi qulluqçu ilə müəyyən edilib.
İclasda parlament çoxluğu üzvlərinin qanunvericilik təşəbbüsü ilə hazırlanmış “Gürcüstanın Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə də baxılıb. Bildirilib ki, məcəlləyə ediləcək dəyişikliyə əsasən, ayrı-ayrı vergi ödəyiciləri haqqında müəyyən edilmiş məlumatları alan şəxslərin dairəsinə Müdafiə Nazirliyi də əlavə olunacaq. Müvafiq olaraq, icazə şərtlərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün nazirliyə həm vergi, həm də gömrük sirrini tələb etmək səlahiyyəti veriləcək.
Müdafiə və təhlükəsizlik komitəsinin üzvləri müzakirə olunan məsələlərin plenar iclasa çıxarılmasını dəstəkləyiblər.
