Türkiyə 44 ədəd “Eurofighter Typhoon” qırıcısı alır - FOTOLAR
Türkiyə ilə Böyük Britaniya arasında imzalanan strateji əməkdaşlıq sazişi çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin inventarına 44 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsinin daxil edilməsi planlaşdırılır.
NUHÇIXAN “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Keir Starmer arasında keçirilən görüşdən sonra imzalanan əməkdaşlıq sazişi ilə təsdiqlənib.
Prezident Ərdoğan vurğulayıb ki, bu addım Türkiyə və Böyük Britaniya arasında artıq mövcud olan ikitərəfli münasibətləri daha yüksək səviyyəyə daşıyacaq və müdafiə sənayesi sahəsində yeni bir mərhələ açacaq.
Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər jurnalistlərə layihənin detallarını açıqlayarkən bildirib ki, Böyük Britaniyadan 20 ədəd, Qətər və Omandan isə hər birindən 12 olmaqla, ümumilikdə 44 ədəd “Eurofighter” qırıcısı almağı planlaşdırırıq. Nazir onu da əlavə edib ki, Qətərdən alınacaq təyyarələrin yeni ilin əvvəlində Türkiyəyə gətirilməsi gözlənilir.
Britaniyanın Baş naziri Starmer isə əməkdaşlığın həm Türkiyədə, həm də Böyük Britaniyada iqtisadi artıma təkan verəcəyini və bu çərçivədə İngiltərədə 20 min yeni iş yerinin açılacağını bildirib. O, həmçinin bu təyyarələrin NATO-nun cənub-şərq cinahını qoruyan Türkiyə Hərbi Hava Qüvvələrinə dəstək verəcəyini vurğulayıb.
Qeyd edək ki, Baş nazir Starmerin Türkiyəyə səfəri çərçivəsində Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus 3 ədəd “Eurofighter” təyyarəsi Türkiyəyə gətirilib. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16-lar tərəfindən ölkənin hava məkanında qarşılanan təyyarələr Ankaradakı hava limanına gətirilib.
Türkiyə-Britaniya əməkdaşlığı çərçivəsində həyata keçirilən bu təyyarə tədarükü proqramı yalnız hərbi gücün artırılması baxımından deyil, həm də hər iki ölkə üçün iqtisadi və strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq Türkiyənin havadan müdafiə imkanlarını gücləndirmək yolunda atdığı mühüm addım kimi qiymətləndirilir.