Almaniyanın Müdafiə Nazirliyi hərbi məqsədlərlə istifadə olunan ərazilərin mülki istifadəyə verilməsi prosesini dayandırıb.
NUHÇIXAN “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, qərarın səbəbi Almaniya ordusunun (Bundesver) genişləndirilməsi ilə əlaqədar əlavə hərbi obyektlərə tələbatın artmasıdır. Qərar ilkin mərhələdə Əmlak Məsələləri üzrə Federal Agentliyə məxsus 187 keçmiş hərbi ərazini əhatə edir. Bu obyektlərin hamısı Bundesver tərəfindən istifadəyə yararlı hesab olunur. Bundan başqa, 13 mövcud hərbi obyekt, o cümlədən Berlindəki Tegel aeroportunun bir hissəsi əvvəlki qərarlardan fərqli olaraq artıq bağlanmayacaq. Həmin ərazilər strateji ehtiyat ərazi fonduna daxil ediləcək və zərurət yarandıqda qısa müddətdə Bundesverin istifadəsinə veriləcək.
Almaniyada orduya məxsus ərazilərin mülki istifadəyə verilməsi 1990-cı illərin əvvəllərində “Soyuq müharibə”nin başa çatması ilə və ordunun şəxsi heyətinin azaldılmasından sonra başlamışdı. 2010-cu illərdə ümumi hərbi xidmətin dayandırılmasından sonra bu proses daha da sürətlənmiş, hərbi hissələrin ərazilərində yaşayış binaları tikilmişdi.
