NUHÇIXAN xəbər verir ki, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) martın 15-ni islamofobiya ilə mübarizə günü kimi qeyd etməyi təklif edib. Təşkilatın bu addımı Yeni Zelandiyanın Kraystçörç şəhərində məscidlərdə ibadət edən 50 insanın qətlə yetirilməsi ilə bağlıdır.
Təşkilatın baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrinin yaydığı bəyanatda qeyd edilir ki, son aylar müsəlmanlara qarşı extremist və nifrət çıxışları artmaqdadır. “İslamofobiya artıq hüquqların kobud şəkildə pozulması ilə müşayiət olunan beynəlxalq fenomenə çevrilib, İslam dünyası ölkələrinin hüdudlarından kənarda müsəlmanların təhlükəsizliyi və əmin-amanlığı ciddi təhdid altına düşüb”, -deyə baş katib əlavə edib.
ISESCO-nun baş direktoru hökumətlərə və beynəlxalq təşkilatlara müraciət edərək, onları dünyada sülhə və təhlükəsizliyə ciddi təhlükə yaradan bu ciddi fenomenlə mübarizə ilə bağlı səyləri artırmağa çağırıb.
Əbdüləziz bin Osman əl-Tuveycri BMT-yə Yeni Zelandiyadakı qətliam gününü “İslamofobiya, onun bütün təzahürləri və formalarına qarşı beynəlxalq gün elan etməyi” təklif edib.