"Altay ilə tank texnologiyasında yeni bir dövrün qapılarını açırıq”.
NUHÇIXAN “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “BMC Ankara” tank və yeni nəsil zirehli maşınların istehsalı zavodunun açılışı mərasimində deyib. Açılış mərasimi çərçivəsində seriyalı istehsalına başlanılan “Altay” tanklarının ilk təhvil prosesi də həyata keçirilib.
Ərdoğan müdafiə sənayesində tam müstəqil Türkiyə hədəfinə doğru möhkəm addımlar atıldığını qeyd edib. “63 min kvadratmetr qapalı sahəsi olan seriyalı istehsal xəttimizdə hər ay döyüş meydanının qalası olaraq xarakterizə edilən 8 “Altay” və 10 “Altuğ” istehsal olunacaq. Mövcud döyüş mühitinə maksimum uyğunlaşmanı təmin etmək üçün yeni sistemlərlə təchiz edilmiş “Altay” tankı ən çətin şəraitlərə uyğun hazırlanıb. Bütün sınaq mərhələlərindən keçən, 35 min kilometr məsafə qət edən, 3700 canlı atəş açan “Altay” tanklarımızın ilkini qəhrəman ordumuza çatdırmaqdan qürur duyuruq” – deyə Ərdoğan vurğulayıb.
Türkiyənin müdafiə sənayesi şirkətlərindən olan Maşınqayırma və Kimya Sənayesi (MKE) “Altay” tanklarını silah sistemləri ilə təmin edir. Xam poladdan hazır silah sisteminə qədər olan istehsal prosesi şirkətə bağlı zavodlarda türk mühəndislər tərəfindən həyata keçirilir. Müasir döyüş meydanının bütün tələbləri nəzərə alınmaqla hazırlanan “Altay” tankının 120 mm, 55 kalibr əsas silah sistemi 7118 mm ümumi uzunluğa və 3103 kq ağırlığa sahibdir. NATO standartına uyğun sursatdan istifadə edən və 3000 metrə qədər effektiv atış məsafəsinə malik bu silah sistemi dəqiqədə 6 atəş aça bilir. Xüsusi ərintili poladdan istehsal olunan əsas silah sistemi çətin iqlim şəraitində də xidmət göstərmək qabiliyyətinə maikdir. 40 ədəd sursat daşıma qabiliyyətinə malik “Altay”, döyüş meydanında müəyyən olunmuş hədəfləri MKE tərəfindən istehsal edilən 120 mm tank mərmiləri ilə vuracaq.
Eyni zamanda “Altay” tanklarının təlimləri də milli texnologiyalara etibar edilib. Belə ki, “Havelsan” tərəfindən istifadəçi və texniki xidmət təlimləri üçün milli texnologiyalar istifadə edilməklə müasir təlim vasitələri hazırlanır. Heyətlərin həqiqi tank döyüşlərinə yaxın mühitdə, real sistemlər üzərində təlim almasını, əzələ yaddaşının formalaşdırılmasını öyrədəcək “Havelsan” şirkəti tərəfindən bildirilib ki, 94 təlim vasitəsi 3 il ərzində təhlükəsizlik qüvvələrinin inventarına daxil ediləcək.
