Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Diyarbəkir əyalətinin cənub-şərqindəki dörd perspektivli ərazidə neft kəşfiyyatı planlarını açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, Türkiyənin enerji naziri Ankarada jurnalistlərə açıqlamasında əyalətdə ümumilikdə 24 quyu qazmaq planlarını bəyan edib.
A.Bayraktar Türkiyə iqtisadiyyatının enerjidaşıyıcılarına olan ehtiyacının növbəti 30 ildə üç dəfə artacağı ilə bağlı ekspert proqnozlarına diqqət çəkib.
“Artan iqtisadi tələbatı ödəmək üçün daxili yataqlarda neft və qaz kəşfiyyatını və istehsalını gücləndiririk”, - deyə türkiyəli nazir bildirib. O, hökumətin ölkənin şimal-qərbindəki Trakyedə qaz kəşfiyyatının da planlaşdırdığını qeyd edib.
Nazir, həmçinin Türkiyənin xaricdəki enerji layihələrində, o cümlədən Azərbaycan, Qazaxıstan, Pakistan, İraq və Liviyada iştirakının əhəmiyyətini vurğulayıb.
“Təkcə İraqda türk şirkətləri hazırda gündə 15 min barel neft hasil edir. Bu, kifayət deyil. Biz bu həcmləri 10-15 dəfə artırmağı hədəfləyirik”, - deyə energetika naziri bildirib.
