İndoneziya 2060-cı ilə qədər karbon neytrallığına nail olmaq strategiyası çərçivəsində 2032-ci ilə qədər ilk atom elektrik stansiyasını istifadəyə verməyi planlaşdırır.
NUHÇIXAN “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin energetika və mineral ehtiyatlar nazirinin müavini Yuliot Tandjung Nüvə Tənzimləməsi Agentliyinin İcraiyyə Komitəsinin iclasında məlumat verib.
Onun sözlərinə görə, nüvə enerjisi İndoneziyanın enerji təhlükəsizliyinin və dayanıqlığının təmin edilməsində strateji rol oynayacaq. “Nüvə elektrik stansiyaları artıq son çarə deyil, milli enerji planlaşdırmasının vacib bir hissəsidir”, – deyə Tandjung bildirib.
Hökumətin planına əsasən, 2030-cu ilə qədər nüvə enerjisinin payı ölkənin enerji balansında 5 faiz, 2060-cı ilə qədər isə 11 faiz təşkil edəcək.
Nazir müavini həmçinin etiraf edib ki, layihə maliyyələşmə, tikinti qrafikləri və ictimai təhlükəsizlik kimi məsələlərdə bir sıra çətinliklərlə üzləşir. Bununla belə, o vurğulayıb ki, hökumət nüvə əməliyyatlarının təhlükəsizliyini və səmərəliliyini təmin etmək üçün risklərin azaldılması tədbirlərini, tənzimləyici nəzarəti və beynəlxalq əməkdaşlığı gücləndirəcək.
