Donald Tramp ABŞ ordusuna nüvə silahı sınaqlarını dərhal bərpa etmək göstərişini verib

A- A A+

ABŞ Prezidenti Donald Tramp cümə axşamı günü Çinin Sədri Si Cinpin ilə görüşdən bir neçə dəqiqə əvvəl göstəriş verib ki, 33 illik fasilədən sonra Amerika ordusu nüvə silahları sınaqlarını dərhal bərpa etsin.

NUHÇIXAN “Reuters” agentliyinə istinadla xəbər verir ki, Tramp bu gözlənilməz açıqlamanı Cənubi Koreyanın Busan şəhərində Si Cinpin ilə ticarət danışıqları üçün görüşə gedərkən "Marine One" helikopterində “Truth Social” platformasında paylaşıb. O, Pentaqona ABŞ-ın nüvə arsenalını digər nüvə gücləri ilə bərabər əsasda sınaqdan keçirməyi tapşırdığını bildirib.

ABŞ Prezidenti yazıb: “Digər ölkələrin sınaq proqramlarını nəzərə alaraq, Müdafiə Nazirliyinə nüvə silahlarımızı bərabər əsasda sınaqdan keçirməyə başlamağı tapşırdım. Bu proses dərhal başlayacaq”.

Daha sonra Vaşinqtona qayıdan ABŞ Prezidenti ölkəsinin nüvə gücləri ilə rəqabət aparması üçün sınaqların zəruri olduğunu bəyan edib.

“Başqalarının sınaqlar apardığı bir şəraitdə düşünürəm ki, bizim də eyni şeyi etməyimiz məqsədəuyğundur”, - deyə Tramp “Air Force One” təyyarəsində bildirib və nüvə sınaqlarının yerlərinin daha sonra müəyyənləşdiriləcəyini əlavə edib.

Dünyanın nüvə silahları ilə bağlı daha riskli bir mərhələyə girib-girmədiyi sualını cavablayan Tramp belə bir təhdidin olması fikrini rədd edib, ABŞ ehtiyatlarının “təhlükəsiz şəkildə qorunduğunu” deyib və sonra vurğulayıb ki, o, bu sahədə tərk-silahı alqışlayardı.

Donald Trampın nüvə silahları sınaqlarını bərpa etmək qərarı son illərdə Çinin nüvə arsenalını sürətlə genişləndirməsindən sonra, həmçinin Rusiyanın nüvə başlığı daşıya bilən və atom enerjisi ilə işləyən kruiz raketinin, eləcə də torpedonun uğurla sınaqdan keçirildiyini elan etməsindən dərhal sonra verilib.

ABŞ-da yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin məlumatına görə, Pekin nüvə arsenalının həcmini ikiqat artırıb və 2025-ci ildə onun artıq təxminən 600 nüvə silahı var ki, bu da 2020-ci ildəki 300 ədəddən iki dəfə çoxdur.

ABŞ hərbçilərinin hesablamalarına görə, Çin 2030-cu ilə qədər 1000-dən çox nüvə silahına malik olacaq. CSIS-in məlumatına görə, sentyabr ayında Qələbə Günü paradında beş nüvə silahı nümayiş etdirilib və bunların hamısı ABŞ-ın kontinental ərazilərinə çata bilər.

Vaşinqtonda yerləşən Silahlara Nəzarət Assosiasiyası ABŞ-ın 5225, Rusiyanın isə 5580 nüvə başlığı ehtiyatına malik olduğunu təxmin edir.

Birləşmiş Ştatlar sonuncu dəfə nüvə silahını 1992-ci ildə sınaqdan keçirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: